Lipofilinq — bədənin bir hissəsindən alınan artıq piyin xüsusi üsullarla təmizlənərək digər nahiyələrə köçürülməsi əməliyyatıdır.
Yağ inyeksiyası plastik cərrahiyyənin geniş istifadə olunan prosedurlarından biridir. Bu metod üzün daha gənc görünməsini təmin etmək, yanaq boşluqlarını doldurmaq, popo formasını yaxşılaşdırmaq, sinəyə həcim əlavə etmək və ya bədənin müxtəlif hissələrindəki çökəklikləri aradan qaldırmaq üçün tətbiq olunur. Lipofilinqin əsas üstünlüyü ondan ibarətdir ki, istifadə olunan material xəstənin öz piyidir. Bu isə həm təbii görünüş, həm də daha təhlükəsiz nəticə deməkdir. Vaxt keçdikcə yağ toxuması dərinin keyfiyyətini də yaxşılaşdırır.
Konsultasiya
İlkin konsultasiya zamanı həkim sizin problemləri, istəkləri və gözləntiləri diqqətlə dinləyir, hansı nahiyələrdən yağ alınacağına və hara köçürüləcəyinə qərar verir. Əgər lipofilinq sizin vəziyyətiniz üçün tam uyğun deyilsə, bu barədə sizə əvvəlcədən məlumat verilir və alternativ prosedurlar təklif olunur. Sağlamlıqla bağlı mövcud problemlər və qəbul etdiyiniz dərmanlar haqqında həkiminizə məlumat vermək vacibdir.
Əməliyyat
Prosedur zamanı yağın götürüləcəyi hissədə kiçik (təxminən 0.5 sm) dəliklər açılır, xüsusi incə kanüllərlə yağ toplanır. Toplanan yağ xüsusi filtrasiya və emaldan keçirildikdən sonra incə iynələrlə hədəf bölgələrə qat-qat vurulur. Yağın köçürülməsi zamanı əlavə çökəklik və iz qalmır.
Əməliyyat müddəti vurulacaq nahiyələrin sayından asılıdır: təkcə üzdə tətbiq olunacaqsa təxminən 20–30 dəqiqə, popo və ya sinə kimi daha geniş sahələrdə tətbiq olunacaqsa 1 saata qədər davam edə bilər.
Əməliyyat sonunda yağ alınan nahiyyələrdə korsetiniz olacaq. Bu korsetleri 1 ay taxmalısız.
Sağalma prosesi
Prosedurdan sonra 3–5 gün ərzində yüngül ağrı, toxunma həssaslığı, şişkinlik və göyərmə ola bilər. Bu əlamətlər normaldır və tədricən azalır.
Yağ inyeksiyası edilən bölgədə şişlik 2–3 gün ərzində artıb sonra azalmağa başlayır. Yağ alınan sahələrdəki göyərmələr adətən 10 gün ərzində yox olur.
5 gün sonra duş qəbul etmək mümkündür, 5–7 gün sonra isə gündəlik həyata qayıtmaq mümkündür. İdmana isə təxminən 4 həftə sonra icazə verilir.